Nərimanov rayonunda 31 mart – Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş konfrans keçirilib.
Nərimanov rayonunda 31 mart – Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş konfrans keçirilib.
30 mart 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş konfrans keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Mayıs Əmrahov, Bakı Humanitar Kollecin direktor müavini Rasim Rzaxanov, Bakı Biznes və Kooperasiya Kollecinin Təlim-Tərbiyə işləri üzrə metodisti Ramil Kazımov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının fakültə sədri Gülbəniz Cəfərova, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri İrada Omarova və 50 nəfər fəal gənc iştirak etmişlər.
Konfransda ilk olaraq Azərbaycanın azadlığı müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, konfransın məqsədi 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası, XX əsrin əvvəllərində erməni millətçiləri və terrorçu-quldur dəstələri, o cümlədən Daşnaksütyun partiyası tərəfindən bölgədə törədilmiş soyqırımı cinayətlərinin araşdırılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Mayıs Əmrahov, Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov və Bakı Biznes və Kooperasiya Kollecinin Tələbə-Gənclər Təşkilatının sədri İrada Omarova qeyd etdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Sonda 31 mart – Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş videoçarx nümayiş etdirildi.










