Bakı Biznes və Kooperasiya Kollecində Xocalı faciəsinin ildönümü ilə əlaqədar soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalısız 26 il” adlı anım tədbiri keçirilib.
Kollecin akt zalında Xocalı qətliamını özündə əks etdirən foto stend, tər qərənfillər və yanan şamlar düzülüb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Kollecin tarix müəllimi Ramil Kazımov video çarx vasitəsilə tədbir iştirakçılarına Xocalı soyqrımının səbəbləri, həyata keçirilmə üsulları və nəticələri, Milli Qəhrəmanlarımız Əlif Hacıyev, Tofiq Hüseynov və Çingiz Mustafayev haqqında ətraflı məlumat verib. Kollecin dil və ədəbiyyat müəllimi Ruhəngiz Yusifovanın və tələbələrin ifasında Xocalıya həsr olunmuş şerlər səsləndirilib, faciə qurbanlarından bəhs edən səhnəciklər nümayiş etdirilib.
Anım mərasimi Xocalı həqiqətlərindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.






















